“ROYAL Holding QSC” şirkətinin təşkilatçılığı ilə ölkəmizdə həyata keçiriləcək böyükmiqyaslı layihələrin təqdimat mərasimi keçirilib.

      1news.az-ın məlumatına görə, mərasimdə yerli şirkətlərlə yanaşı, layihələrin reallaşdırılmasında iştirak edəcək xarici podratçı şirkətlərin nümayəndələri də iştirak ediblər.

      “ROYAL Holding QSC” şirkətinin baş direktoru Ramil Kərimli bildirib ki, təmsil etdiyi şirkət ölkə iqtisadiyyatının inkişafı, o cümlədən sosial-iqtisadi  sahədə həyata keçirilən yüksək geniş miqyaslı quruculuqda yaxından iştirak etmək, eləcə də ölkə başçısının göstərişi ilə yeni inkişaf strategiyasina uyğun tərtib edilmiş “Strateji yol xəritəsi”ndə nəzərdə tutulmuş planların həyata keçirilməsinə həm birbaşa, həm də dolayısı yolla töhfə vermək məqsədi ilə yaradılıb.

      Şirkətin qarşısında duran başlıca məqsədlərdən biri ölkəmizdə turizm, tikinti, kənd təsərrüfatı və bu kimi digər sahələrdə beynəlxalq rəqabətə davamlı istirahət mərkəzlərinin, aqrar komplekslərin və istehsal müəssisələrinin xarici investisiya hesabına yaradılmasıdır.

      “Xüsusilə son dövrlərdə ölkədə turizmin surətli inkişafı bu sahəyə xarici investorların cəlb edilməsi və ölkənin turizm potensialının inkişaf etdirilməsi ilkin prioritet təşkil edir. Bu inkişaf  şirkətin diqqət mərkəzindədir. Bölgələrdə həm turizm infrastrukturunun təkmilləşdirilməsi,  resort otellər, sağlamlıq mərkəzləri və əyləncə mərkəzlərinin inşası istiqamətində işlər artıq icra mərhələsindədir.

      Bu sahədə şirkət həm müfaviq nazirliklərlə, (Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat Nazirliyi) həm də yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq edir. Ölkə əhalisinin məşğulluq dərəcəsinin artırılması diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Belə ki, icrası planlaşdırılan hər bir layihənin reallaşması həm bölgənin inkişafı, həm də yeni iş yerlərinin açılması baxımından müstəsna rol oynayacaq”.

      Ramil Kərimli “ROYAL Holding QSC” şirkətinin ölkədə qeyri-neft sektoruna inversisiyaların cəlb olunmasına əhəmiyyətli dərəcədə fikir verdiyini və fəaliyyətində də bu amili xüsusi olaraq inkişaf etdirdiyini qeyd edib.

      Baş direktor daha sonra xarici investorların yaxından iştirakı ilə ölkəmizin müxtəlif regionlarında həyata keçiriləcək layihələrlə bağlı geniş məlumat verib.

      Azərbaycanın hüdudlarından kənardan da respublikamızın təbiətinin bəxş etdiyi və “ROYAL Holding QSC”nin yaratdığı sağlamlıq-sanatoriya kompleksində əsas diqqət insanların yüksək səviyyəli, tibbi və estetik xidmətdən bəhrələnməsidir. Bu layihənin də əsas hədəf xətlərindən biri yerlərdə yeni iş imkanlarının təqdim olunması, bölgələrdə yaşayan əhalinin işsizliyinin aradan qaldırılmasına, bununla da insanların sosial rifahının yüksəldilməsinə nail olmaqdır. 3 hektar ərazidə sağlamlıq-bərpa mərkəzinin tikintisi həyata keçiriləcək.

 

      “ROYAL Holding QSC” tərəfindən baş podratçısı “Başak İnşaat” olan “Azerbaijan Stella Residence”in inşası layihəsi isə, Çinin “KUNMİNG&SWISS” şirkəti tərəfindən həyata keçirilir. Burada həm xarici inverstorların cəlb edilməsi, həmçinin qeyri-neft sektorunun inkişafı ilə bağlı özəl sektorun fəaliyyətinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bakı şəhərində Ağ Şəhər ərazisində 2 mərtəbəsi hərəkətli olan, ümumilikdə, 54 mərtəbəli möhtəşəm binanın tikintisi reallaşdırılacaq.

      Məlumata görə, Azərbaycanda aqrar sahənin inkişafına dəstək verən şirkət Samux rayonunda 500 hektarlıq ərazidə heyvandarlıq kompleksinin tikintisi layihəsini də həyata keçirəcək. 500 baş xüsusi növ iribuynuzlu heyvan yetişdirilib ət və ət məhsulları ixrac olunacaq. Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrin bazarlarına Azərbaycan məhsulu “Made in Azerbaijan” brendi altında satışa çıxarılacaq.

      Ramil Kərimli “ROYAL Holding QSC” şirkətinin həmçinin, layihələr həyata keçirdiyi bölgələrdə investisiya mənfəəti hesabına bir sıra sosial yönümlü proqramların icrasında yaxından iştirak edəcəyini də diqqətə çatdırıb. Bildirib ki, şirkət tərəfindən məktəblərin, bağçaların inşası və digər sosial layihələrin həyata keçirilməsi planlaşdırırlır. Göygöldə 3 məktəb və 2 uşaq bağçası,  Qusarda 3 ədəd məktəb və 100 uşaqlı və 80 nəfərlik bağça-körpələr evi, Samux və Gəncədə 2 uşaq bağçası və 480 və 264 şagirdlik məktəblər, Dəliməmmədli kəndində 1200 şagirdlik məktəb tikilib istifadəyə veriləcək.

      Qeyd edək ki, xarici investorların iştirakı ilə ölkəmizdə həyata keçiriləcək layihələrin təqdimatı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Podratçı şirkətlərin nümayəndələri çıxış edərək bu cür irimiqyaslı layihələrin həyata keçirilməsində iştirakdan məmnunluq ifadə etməklə yanaşı, bunun Azərbaycan iqtisadiyyatına böyük töhfə olduğunu vurğulayıblar.